BAKI, 7 noyabr. TELEQRAF
ABŞ administrasiyası Rusiyanın iştirakı ilə Avropada yeni təhlükəsizlik arxitekturasının yaradılması planları barədə NATO üzrə müttəfiqlərini əvvəlcədən məlumatlandırmayıb.
Teleqraf xəbər verir ki, bu barədə “Politico” nəşri alyansın üç diplomatına istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp administrasiyasının təşəbbüsü Avropa paytaxtlarında şübhə ilə qarşılanıb. Avropalı rəsmilər yeni təhlükəsizlik mexanizminin müttəfiqləri ikinci plana keçirə və Rusiyanın mövqelərini gücləndirə biləcəyindən ehtiyatlanırlar.
“Bizim artıq Avropa təhlükəsizlik arxitekturamız var. Bunlar NATO və Avropa İttifaqıdır. Hər birinin öz rolu mövcuddur”, – Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
Bundan əvvəl Tramp yalnız Ukraynanı deyil, bütün Avropanı əhatə edə biləcək genişmiqyaslı razılaşmanın mümkünlüyündən danışıb.
ABŞ prezidentinin kürəkəni Cared Kuşner isə təşəbbüsün təhlükəsizlik məsələləri üzrə daimi məsləhətləşmələri, böhran vəziyyətlərində əlaqə mexanizmlərinin yaradılmasını və gərginliyin artması riskinin azaldılmasını nəzərdə tutduğunu açıqlayıb.
NATO diplomatlarından biri “Politico”ya bildirib ki, Avropa müttəfiqləri hazırkı mərhələdə Rusiya ilə gələcək təhlükəsizlik arxitekturasının müzakirəsinə skeptik yanaşırlar.