BAKI, 6 noyabr. TELEQRAF

“Emin Mahmudov bizim kapitanımızdır və onunla böyük qürur duyuruq”.

Bunu Teleqraf-a açıqlamasında “Neftçi”nin baş icraçı direktoru Cenk Sümer deyib.

Təcrübəli yarımmüdafiəçinin yığma ilə vidalaşmasına toxunan klub rəsmisi onun Azərbaycan futbolu və “Neftçi” üçün önəmini vurğulayıb:

“Emin kimi dəyərli bir futbolçunun yığmadan ayrılması, əlbəttə, bizi üzür. Amma eyni zamanda onunla fəxr edirik. Komandamızda belə bir oyunçunun olması bizim üçün böyük qürurdur. İllərdir yığmaya verdiyi töhfələri gözəl bir vida matçı ilə tamamlayacaq və biz də bunu böyük həyəcanla gözləyirik. Bir daha vurğulayıram, Emin bizim əsas kapitanımızdır".

Cenk Sümer 34 yaşlı futbolçunun komandada qalıb-qalmayacağı və müqavilə məsələsinə də aydınlıq gətirib:

“Xeyr, hazırda müqavilənin uzadılması ilə bağlı heç bir narahatlıq və ya tələskənlik yoxdur. Çünki onunla "1+1" sistemi ilə müqavilə imzalamışıq. Bu səbəbdən indi əsas diqqətimiz müqavilə məsələsinə yönəlməyib”.