BAKI, 6 noyabr. TELEQRAF

Fransada polis zorakılığından zərər çəkən 18 nümayişçi daxili işlər nazirini məhkəməyə verəcək.

Teleqraf xəbər verir ki, bu barədə vəkil Ariye Alimi mətbuat konfransında məlumat verib.

Məlumata görə, Fransada nümayişlər zamanı iğtişaşların qarşısının alınması üçün polis tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində xəsarət alan azı 18 nəfərin vəkilləri ölkənin daxili işlər naziri Loran Nünesi məhkəməyə verməyi planlaşdırır.

Vəkil bildirib ki, polis əməkdaşlarının istifadə etdiyi vasitələrin ağır xəsarətlərə səbəb olduğunu bilə-bilə bu silahların tətbiqinə dair göstəriş verən nazir məsuliyyətə cəlb edilməlidir.

“Bu gün hesab edirik ki, ağır xəsarətlərə və ciddi ziyana səbəb olan hərəkətlərin arxasında duran şəxs – daxili işlər naziri Loran Nunes verdiyi göstərişlərə görə məsuliyyət daşımalıdır. O, bu silahların xəsarətlərə səbəb olduğunu, hərbi təyinatlı olduğunu və ictimai asayişin qorunması üçün istifadə edilməməli olduğunu bilirdi”, – deyə vəkilin sözlərini “Le Monde” qəzeti sitat gətirib.

Vəkillər qrupu müvafiq iddianı yüksək vəzifəli dövlət məmurlarının, prezident istisna olmaqla, hüquq pozuntularına baxan Fransa Respublikası Ədalət Məhkəməsinə təqdim etməyi planlaşdırır.

Qəzetin məlumatına görə, hüquqşünasların təxminən 10 müvəkkili artıq kollektiv şikayəti imzalamağa razılıq verib.

Onların arasında fotoqraf Əhməd B. də var. O, oktyabrın 17-də Parisdəki Respublika meydanında polis qumbarasının partlaması nəticəsində bud arteriyası nahiyəsindən yaralanıb və ölüm təhlükəsi ilə üzləşib.

Vəkillər həmçinin barmaqların amputasiyası ilə nəticələnən ağır əl xəsarətləri, eləcə də görmə qabiliyyətinin tam itirilməsinədək müxtəlif göz xəsarətləri ilə bağlı digər halları da sadalayıblar.