BAKI, 6 noyabr. TELEQRAF

“Gözəl oyun oldu. İstədiyimizi əldə etdik, komanda yaxşı çalışdı. Baş məşqçimizdən, heyətdən və futbolçulardan razıyıq. Hamısı verilən tapşırıqları sonadək icra etdi və "Neftçi"yə yaraşan futbol nümayiş etdirdi. Rəqibimizi də təbrik edirəm. "Kəpəz" rəhbərliyi və azarkeşləri ilə çempionata rəng qatır. Meydanda yüksək səviyyəli mübarizə getdi”.

Teleqraf xəbər verir ki, bunu Misli Premyer Liqasının XI turunda baş tutan "Neftçi" – "Kəpəz" (1:0) matçından sonra paytaxt klubunun baş icraçı direktoru Cenk Sümer jurnalistlərə açıqlamasında deyib.

Klub rəsmisi ilk dövrəni lider kimi başa vurmaları barədə fikirlərini bölüşüb:

“Hədəf daha yaxşı nəticələr əldə etmək, bunu davam etdirmək və sabitliyi qorumaqdır. "Neftçi" bu xarakteri nümayiş etdirəcək potensiala malikdir. Əlbəttə, ard-arda qalib gəlmək asan iş deyil. Liqa çox çətindir, rəqiblərimiz güclüdür və artıq zəif komanda yoxdur. Əsas məsələ bizim bu mübarizənin içində məğlubiyyətsiz davam etməyimizdir”.

C.Sümer qış fasiləsində yeni qapıçı gətiriləcəyi ilə bağlı iddialara da aydınlıq gətirib:

“Elə bir "ova" çıxmamışıq. Hər mövqe üçün hər dönəm hazırlaşırıq. Futboldur, hər şey ola bilər – təklif gələ bilər, zədələnmə baş verər və ya performans aşağı düşər. Əsas olan baş məşqçinin verəcəyi hesabatdır. Ondan fasilə dövrü üçün transfer siyasətinə istiqamət verəcək hesabat alacağıq. Lakin skaut departamentimiz və futbol şöbəmiz daim araşdırmalarını davam etdirir, hazırda bir neçə ölkədə oyunları canlı izləyən heyətimiz var. Gələcək hesabata və büdcəmizə əsasən lazımi addımlar atılacaq”.

Heyət dərinliyinə və ehtiyatdan meydana daxil olan oyunçuların qol vurmasına toxunan klub rəsmisi bunun düşünülmüş siyasət olduğunu bildirib:

“Bu, ötən ildən başladığımız planlaşdırmanın ilk mərhələsidir. Yayda doqquz transfer etdik. Ehtiyatdan meydana daxil olan futbolçularımızın verdiyi töhfələri görürük və arzuladığımız da elə bu idi. Məşqçilər heyəti ilə birlikdə bunu reallaşdırdığımız üçün məmnunuq. Qış çempionluğu və liderlik vəziyyəti dəyərləndirməmizə təsir edə bilər. Lakin əsas məsələ təkcə heyətə yeni oyunçu cəlb etmək deyil, komandanı qorumaq və daha yuxarı səviyyəyə qaldırmaqdır. Çox da məhsuldarlıq göstərməyən bəzi futbolçularımızdan maksimum fayda əldə etmək özü də bir transferdir. Pulumuz dəyərlidir, bu məsələlərdə çox həssasıq və pulu sağa-sola xərcləyəcək durumumuz yoxdur. Hər məsələdə çox diqqətli, qənaətcil və səmərəli hərəkət etməliyik”.