BAKI, 7 aprel. TELEQRAF

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Nazirlikdən Teleqraf-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 353 yanğına çıxış, 16 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 11-i azyaşlı olmaqla 26 nəfər xilas edilib, yanğınlar zamanı 26 nəfər təxliyə olunub, 2 nəfər xəsarət alıb, 1 nəfərin meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.