​BAKI, 7 aprel. TELEQRAF

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 28 kiloqram 118 qram narkotik vasitənin Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Bu barədə Teleqraf-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, mart ayının 25-də sərhəd dəstəsinin xidməti ərazisindən ümumi çəkisi 22 kiloqram 400 qram narkotik vasitə marixuana və 490 ədəd metadon M-40 həbi aşkar olunaraq götürülüb.

Aprel ayının 6-da dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən 2 (iki) nəfər naməlum şəxsin şübhəli hərəkəti müşahidə edilib.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhədindən ümumi çəkisi 5 kiloqram 718 qram narkotik vasitə marixuananı ölkə ərazisinə keçirməyə cəhd göstərən Ağdaş rayon sakinləri – 1993-cü il təvəllüdlü Baxşəliyev Baxşalı Kamil oğlu və 1996-cı il təvəllüdlü Kərimov İlqar İlham oğlu saxlanılıb.

Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.