​BAKI, 6 aprel. TELEQRAF

Azərbaycanın məşhur markalarından olan "Halal Zəhmət" firmasının istehsal etdiyi kolbasanın içindən metal parçası çıxıb.

Teleqraf xəbər verir ki, bunu teleaparıcı Nübar Əbil bildirib.

O, marketlərin birindən aldığı və içindən metal parçası aşkarlanan kolbasanın videosunu sosial şəbəkə hesabında paylaşıb.

"Dünən Neftçalaya gedərkən yolüstü marketlər şəbəkələrindən birindən kolbasa almaq istədim. Satıcı "Halal Zəhmət"in məhsulunu xeyli təriflədi. Ondan aldım. Ötən gün bir hissəsini yedik.

Bu gün səhər yeməyi üçün kolbasanı doğrayanda içindən metal parçası çıxdı. Bu yad cisim, metal parçası mənim, ailə üzvlərimin boğazına getsə, hər hansısa bir bədbəxt hadisə baş versə "Halal Zəhmət" markası məsuliyyəti öz üzərinə götürə biləcəkmi? Kilosu 21.90 manat olan bu kolbasanın içində metal parçası niyə var? Əgər məsul istehsal edə bilmirsizsə bazardan çıxın gedin", - N.Əbil söyləyib.

O, məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət edib, tədbir görülməsini istəyib.