
BAKI, 6 aprel. TELEQRAF
Ağdam rayonunun Qalayçılar kəndi ərazisində baş verən mina hadisəsi nəticəsində xəsarət alan 3 nəfər (2 kişi cinsli, 1 qadın cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Bildirilib ki, 1983-cü il təvəllüdlü (kişi cinsli) şəxsə sağ aşıq baldır oynağının travmatik amputasiyası diaqnozu ilə əməliyyat təyin edilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir.
2012-ci il təvəllüdlü şəxsə (qadın cinsli) hər iki aşağı ətraf və döş qəfəsinin qəlpə yaraları, 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxsə isə hər iki aşağı ətrafın və qarnın ön səthinin və sol yuxarı ətrafın qəlpə yaraları diaqnozları təyin edilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri stabildir.
***
11:01
Aprelin 6-da işğaldan azad edilmiş Ağdam rayonunun Qalayçılar kəndi ərazisində mina hadisəsi baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin birgə məlumatında qeyd olunub.
Bildirilib ki, 1983-cü il təvəllüdlü Qalayçılar kənd sakini Məmmədov Səbuhi Elman oğlu minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
Baş Prokurorluq, DİN və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!