BAKI, 13 fevral. TELEQRAF

"Rusiyanın Ukrayna ilə müharibədən qalib çıxması bir çox ölkə kimi, Azərbaycanın da təhlükəsizlik maraqlarına cavab vermir".

Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun fikrincə, rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparan ABŞ Prezidenti Donald Trampın başlıca məqsədi Rusiya ilə Ukrayna arasında atəşkəsə nail olmaqdır:

“Ağ Ev sahibi üçün münaqişənin həlli vacib deyil, bu, mürəkkəb məsələdir. Münaqişənin həlli indiki halda mümkün də deyil. Tramp atəşkəsə nail olarsa, bu nəticəni özünün uğuru kimi qələmə verəcək. Halbuki atəşkəs problemin həlli deyil. Rusiya işğalı tam başa çatdırmayıb, Ukrayna isə ərazilərini azad etməyib. Atəşkəs olarsa, Ukrayna itirdiyi əraziləri geri qaytara bilməyəcək. Bunun mümkün olmadığını Ukraynada da anlayırlar.

Bütün bunlara baxmayaraq, Ukrayna ordusunun Kursk istiqamətində nəzarət etdiyi ərazilər Kiyevin danışıqlarda əlini gücləndirəcək alətdir. Ukrayna heç vaxt işğal altındakı ərazilərin Rusiyaya aid olduğunu hüquqi cəhətdən tanımayacaq, ancaq siyasi reallıqla hesablaşmalı olacaq. Reallıq isə ondan ibarətdir ki, Krım və Donbasın bir hissəsi Ukraynanın nəzarətində deyil. Rusiyanın dağıtdığı şəhər, qəsəbə və kəndlərin bərpasına yüz milyardlarla dollar lazımdır”.

Elxan Şahinoğlu əlavə edib ki, beynəlxalq aləm Rusiya-Ukrayna müharibəsindən yorulub:

“Müharibənin dayandırılması üçün siyasi sifariş var. Müharibə Rusiya və Ukraynanın özündə də yorğunluq yaradıb. Tərəflər mövqe döyüşlərində hər gün xeyli itki verirlər. Müharibə dayandırılsa da, Avropanın tələsik Rusiya ilə əlaqələri bərpa edəcəyini düşünmürəm. Əlbəttə, Avropa ölkələri içərisində, məsələn, Macarıstan və Slovakiya kimi dövlətlər Brüsseldən Rusiya ilə əlaqələrin tam bərpasını tələb edəcəklər. Ancaq Fransa, Almaniya, Polşa və Baltik ölkələri Rusiya ilə əlaqələrin bərpasına ehtiyatla yanaşacaqlar. Avropa ölkələrinin böyük hissəsi Rusiyanın enerji asılılığından qurtulub. Həmin ölkələrin yenidən Rusiyadan böyük həcmdə neft-qaz alacağını proqnozlaşdırmıram.

Rusiyanın müharibədən qalib çıxması bir çox ölkə kimi, Azərbaycanın da təhlükəsizlik maraqlarına cavab vermir. Rusiya Gürcüstan və Ukraynadan sonra diqqətini ətrafındakı digər dövlətlərə yönəldəcək. Bu səbəbdən Azərbaycan Türkiyə ilə siyasi-hərbi ittifaqı daha da gücləndirməlidir”.