![](https://teleqraf.az/storage/2025/02/13/715x378/sd-8954.jpg)
BAKI, 13 fevral. TELEQRAF
Ermənistan xarici təhlükəsizlik məsələsində hələ də Rusiyaya arxalanır, amma Moskva onunla əlaqələri kəsmiş ölkənin taleyi üçün narahat olmayacaq.
Teleqraf xəbər verir ki, bunu rusiyalı politoloq Yevgeni Satanovski deyib.
Ekspertin iddiasına görə, Cənubi Qafqaz bir neçə böyük geosiyasi oyunçunun döyüş meydanına çevrilib, amma hazırda Rusiya onların arasında yoxdur:
“Bölgədə Türkiyə və İran kimi dövlətlərin, eləcə də qlobal ağalıq iddiasında olan kollektiv Qərbin maraqları toqquşub. Rusiyaya gəlincə, əsrlər sonra region onun təsir dairəsindən uzaqlaşır”.
Satanovski qeyd edib ki, Rusiya Ermənistanın taleyi ilə İrəvandan çox maraqlanmayacaq:
“Respublikaya qərbyönlü Nikol Paşinyan rəhbərlik edir, o, ölkəni Rusiyanın təsir və maraqları zonasından çıxarmaq üçün hər şeyi edir. Bundan sonra Ermənistanın mövcudluğuna təhlükə yaranarsa, Rusiyanın müdaxiləsinə arxalanmaq sadəlövhlük olardı. Mən həqiqətən başa düşmürəm ki, Ermənistan tarixindəki rolu Zelenskinin Ukrayna tarixindəki roluna çox bənzəyən bir adamın rəhbərlik etdiyi bir ölkə üçün niyə narahat olmalıyıq?!”
Politoloq Rusiyanın Cənubi Qafqazda uduzduğunu etiraf edib.
Satanovski siyasətçilər, ekspertlər, diplomatlar və medianı Rusiyanın Cənubi Qafqazda mövcudluğu ilə bağlı insanları aldatmamağa çağırıb, həmçinin əlavə edib ki, regiondan geri çəkilmək Moskva üçün müsbət amil deyil.