![](https://teleqraf.az/storage/2025/02/13/715x378/maqsud_brahimbyov.jpg)
BAKI, 13 fevral. TELEQRAF
Prezident İlham Əliyev fevralın 13-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, Dövlət mükafatı laureatı, tanınmış ictimai xadim Maqsud İbrahimbəyovun 90 illiyinin qeyd edilməsi barədə sərəncam imzalayıb.
Teleqraf xəbər verir ki, sərəncama əsasən, Xalq yazıçısının 90 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla Mədəniyyət Nazirliyinə tapşırılıb.
Sərəncamda deyilir: "Maqsud İbrahimbəyov parlaq istedada malik nasir kimi çoxşaxəli fəaliyyəti ilə Azərbaycan bədii fikrinin zənginləşməsində təqdirəlayiq rol oynamış söz ustalarındandır. Ötən əsrin 60-cı illərində yeni ədəbi prosesin formalaşmasında yaxından iştirak edən sənətkar ərsəyə gətirdiyi dəyərli nəsr nümunələrində qəhrəmanlarının xarakterini dərindən açaraq dolğun və rəngarəng obrazlar yaratmışdır. Onun, eyni zamanda dramaturq, kinossenarist və rejissor kimi Azərbaycan kinematoqrafiyasının inkişafında mühüm xidmətləri vardır. Milli koloritin qabarıq təsviri, adət-ənənələrə bağlılıq, xüsusən Bakı mühitinin özünəməxsus mənzərəsinin təsviri Maqsud İbrahimbəyov yaradıcılığını səciyyələndirən başlıca cəhətlərdir".
Sərəncamdan irəli gələn məsələləri Azərbaycan Respublikasının Nazirlər Kabineti həll etməlidir.