![](https://teleqraf.az/storage/2021/08/10/715x378/ziyafet_esgerov.jpg)
BAKI, 13 fevral. TELEQRAF
Milli Məclisin sədr müavini Ziyafət Əsgərov Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiya ərazisində vurulmasından sonra Bakı-Moskva münasibətlərindəki gərginlik hər ötən gün artır. Artıq Rusiya Dövlət Dumasının deputatları səviyyəsində Azərbaycana qarşı ittihamlar səslənir. Buna münasibətiniz necədir?
- “Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsinin Rusiya ərazisində vurulmasından sonra Azərbaycanla Rusiya arasında gərginlik yaranıb. İndi də Bakıdakı “Rus evi”nin bağlanması ilə bağlı Rusiya mediasında ajiotaj yaradıblar. Əslində, bu cür ajiotaj yaratmağın heç bir mənası yoxdur. Azərbaycanla bağlı Rusiya mediasında və müxtəlif spektorlardan səslənən fikirlər onların özünə aiddir. Kimin mədəniyyəti nədirsə, danışığı da odur. Rusiya Dövlət Dumasının deputatlarının Azərbaycanla bağlı vermiş olduğu absurd bəyanatlar əslində Kremlin düşüncəsidir. Kreml nə düşünürsə, Dövlət Dumasının deputatları da onu dilə gətirir.
- Rəsmi Bakının əsas tələbi nədən ibarətdir?
- Rəsmi Moskva Azərbaycana hədə-qorxu gəlməkdənsə, (əslində bizə heç kim hədə-qorxu gələ bilməz - Ziyafət Əsgərov) sərnişin təyyarəsinə qarşı olan cinayəti etiraf etməlidir. Fakt odur ki, Azərbaycana məxsus sərnişin təyyarəsi Rusiya ərazisində vurulub. Bu cinayətə görə, Rusiya dövlət başçısı səviyyəsində Azərbaycandan rəsmi şəkildə üzr istənilməlidir. Eyni zamanda kompensasiyanın ödənilməsi təmin olunmalıdır. Bundan başqa seçim yoxdur. Beynəlxalq “Mülki aviasiya haqqında” Konvensiya və onun tələbləri var. Rusiya da “Mülki aviasiya haqqında” 1944-cü il dekabrın 7-də qəbul edilmiş Çikaqo Konvensiyasının üzvüdür. Ona görə də götürdüyü beynəlxalq öhdəliklərə uyğun davranmalıdır.
- Azərbaycana qarşı aparılan kampaniya nəyə hesablanıb?
- Rusiya Dövlət Dumasının əxlaqsız deputatlarını öyrədərək, ortaya atmaq cəhdi heç kəsə lazım deyil. Dövlət Dumasının deputatı Nikolay Valuyev kimi adamın görünüşü əslində, onun daxilindən xəbər verir. (Nikolay Valuyev - Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Turizm komitəsinin sədrinin birinci müavini). Düşüncələri nədirsə, o çirkabı üzə çıxarırlar. Azərbaycan həmişə Rusiya ilə münasibətlərin normal məcrada inkişafının tərəfdarı olub. Bu gün də münasibətlərin normal məcrada inkişafı arzulanır. Amma görünür ruslar bunu istəmir.
- Sizcə, Rusiya tərəfi Azərbaycanla davranışda niyə sərt ritorikadan istifadə edir?
- Təəssüf ki, Rusiyada hələ də bəzi qüvvələr imperiya təfəkkürü ilə danışırlar. Hesab edirlər ki, bunlar elə SSRİ-də və yaxud çar Rusiyasında yaşayır. Düşünürlər ki, Azərbaycan da onların hansısa bir əyalətidir. Elə zənn edirlər ki, Azərbaycanla hansı dildə istəsələr, danışa bilərlər. Bu, belə deyil. O qatar artıq çoxdan gedib. Azərbaycan müstəqil, suveren dövlətdir. Görünür ki, Azərbaycanın müstəqil siyasət aparması Kremlin xoşuna gəlmir. Onların xoşuna gəldi-gəlmədi, Azərbaycan müstəqil dövlətdir. Ona görə də Azərbaycana qarşı çirkab atmaq kampaniyasını dayandırmalıdırlar.
- Bakıda “Rus evi” ətrafında yaranan ajiotaja səbəb nədir?
- Bu məsələdə Azərbaycan qanuni addım atıb. “Rus evi”nin təsisçiləri bu günə qədər Azərbaycanda Ədliyə Nazirliyindən hüquqi şəxs kimi qeydiyyatdan keçməyiblər. Bunun səbəbini onlardan soruşmaq lazımdır. 2017-ci ildə Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv olunması ilə bağlı Rusiyanın Ədliyyə Nazirliyinin Ali Məhkəməyə müraciət etməsi məsələsi qaldırılanda Azərbaycan bunu anlayışla qarşılamışdı. Sonradan Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi ilə bağlı qərar çıxartmışdı. Rusiya Ümumrusiya Azərbaycan Konqresinin ləğvi ilə bağlı qərar çıxaranda bunu “yaxşı”, Azərbaycan “Rus evi” ilə bağlı qərar çıxarıb məsələni Ədliyyə Nazirliyində həll edəndə “pis”dir demək olmaz. Rusiyaya olar, Azərbaycana olmaz ritorikası yanlışdır.
- Münasibətləri normallaşdırmaq üçün çıxış yolunu nədə görürsünüz?
- Azərbaycan qanun dilində danışdığı halda, Rusiya tərəfinin güc, imperiya dilində danışması mənasızdır. Bu ritorikanı yığışdırmaq lazımdır. Bu ritorika qonşuluq və iki ölkə arasında 2022-ci ildə imzalanmış müttəfiqlik (2022-ci ilin fevralın 22-də Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə) bəyannaməsinə yaraşmır. Bu nə qonşuluqdur? Bu nə münasibətdir? Bu nə hədə- qorxu gəlməkdir? Məsələ bitib. Azərbaycan beynəlxalq hüquqda Rusiya ilə bərabərhüquqlu tərəfdir. Ona görə də Azərbaycanla hədə-qorxu dilində danışmaq olmaz. Rusiya Dövlət Dövlət Dumasının deputatlarına da çağırışımız məhz bu kontekstdədir.