BAKI, 13 fevral. TELEQRAF

Ötən il Azəri-Çıraq-Günəşli yatağında yeni 4- ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramına başlanılıb.

Teleqraf BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair ötən ilin nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir ki, Balaxanı və Fasilə lay dəstlərinin tədqiqinə yönəlmiş bu proqram seysmik mənbənin altında 740 kvadrat kilometr, qəbuledicilərin altında isə 507 kvadrat kilometrlik bir ərazini əhatə edir.

Proqramın ümumi dəyərinin təxminən 370 milyon ABŞ dolları, icra müddətinin isə beş il (2024-2028) olacağı planlaşdırılır. Tədqiqatın əhatə edəcəyi ərazi, aparılacaq işlərin ümumi dəyəri və müddəti baxımından bu layihə bp-nin dünyada indiyədək həyata keçirdiyi ən böyük seysmik məlumat toplama proqramıdır.

Seysmik məlumat toplama üzrə 2024-cü il üçün nəzərdə tutulmuş iş həcmi təhlükəsiz şəkildə və qrafikdən əvvəl tamamlanmışdır; hazırda əldə olunmuş seysmik məlumatların emalı davam edir.