BAKI, 13 Fevral. TELEQRAF

Azərbaycan və azərbaycanlılara qarşı işgəncə, muzdluluq, müharibə qanunlarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Teleqraf-ın xəbərinə görə, Bakı Məhkəmə Kompleksinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin rəhbərlik etdiyi, hakimlər Anar Rzayev və Camal Ramazanovun iştirakı ilə keçirilən bugünkü iclasda dövlət ittihamçıları ittiham aktını elan edir.

Artıq ikinci iclasdır ki, məhkəmə istintaqına başlanılıb və dövlət ittihamçıları ittihamın nəticəvi hissəsini açıqlayırlar.

İttiham aktında qeyd olunur ki, Ermənistan dövləti və onun silahlı birləşmələrinin birbaşa iştirakı ilə Azərbaycana qarşı hərbi təcavüz, eyni zamanda hərbi müharibə həyata keçirmək məqsədilə cinayətkar dəstə yaradılıb. Həmin cinayətkar dəstənin üzvləri Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki və digərlərindən ibarət olub.

Cinayətkar dəstənin Azərbaycan ərazilərini işğal etmək niyyəti ilə hərbi təcavüzkar müharibə nəticəsində Azərbaycana külli miqdarda maddi ziyan, eyni zamanda ölçüyəgəlməz dərəcədə mənəvi ziyan dəyib.

Bakı Məhkəmə Kompelksinin inzibati binasında açıq keçirilən iclasda Ruben Vardanyan özünün seçdiyi müdafiəçi və başa düşdüyü dili bilən tərcüməçilərlə təmin olunub.

Hazırda proses davam edir.

***

07:10

Bu gün Azərbaycan və azərbaycanlılara qarşı işgəncə, muzdluluq, müharibə qanunlarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi davam edəcək.

Teleqraf-ın xəbərinə görə, cinayət işinə Bakı Məhkəmə Kompleksinin inzibati binasında baxılır.

Prosesə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev rəhbərlik edir. Hakimlər heyətinə Anar Rzayev və Camal Ramazanov da daxildir.

Bu gün də proses dövlət ittihamçılarının ittiham aktını elan etməsi ilə davam edəcək.

İrəli sürülmüş ittihama əsasən, təqsirləndirilən şəxs Ruben Vardanyan ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış cinayətkar birliyə daxil olaraq həmin birliyə rəhbərlik edib, birliyin ümumi cinayətkar məqsəd və niyyətinə uyğun fəaliyyət göstərib.

Prokuror ittiham aktına istinadən elan edib ki, Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi ilə Ermənistanın dövlətinin və onun hərbi qüvvələrinin bilavasitə iştirakı, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında yaradılmış cinayətkar birlik Azərbaycan Respublikasına qarşı sistematik və genişmiqyaslı təcavüzkar müharibəyə başlayıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğunun birgə yaydığı məlumata görə, Rusiya Federasiyasının vətəndaşı olmuş, hazırda Ermənistan Respublikasının vətəndaşı olan, Rusiya Federasiyasında “Troyka Dialoq” şirkətinin təsisçisi və rəhbəri olmuş, Rusiya Federasiyasında “KAMAZ” ASC-nin direktorlar şurasının üzvü, həmin ölkədə “Volqa-Dnepr” şirkətlər qrupunun müstəqil direktoru və sair vəzifələrdə çalışmış Vardanyan Ruben Karlenoviç 25 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1, 279.3 və 318.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış elan edilib, 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq istintaqa təhvil verilib və həmin tarixdə ona ittiham elan edilib.

Toplanmış mötəbər sübutlar əsasında təqsirləndirilən şəxs Ruben Vardanyana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsi ilə bağlı yekun ittiham elan olunub.

İstintaq müddətində təqsirləndirilən şəxsin müdafiə, dil və digər prosessual hüquqları təmin edilib.

Təqsirləndirilən şəxs özünün seçdiyi vəkillərlə təmin edilib, özü və vəkilləri tərəfindən verilmiş vəsatətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib.

Təqsirləndirilən şəxs Ruben Vardanyana və cinayət prosesinin digər iştirakçılarına ibtidai istintaqın başa çatması barədə məlumat verilib, onlar cinayət işi üzrə maddi sübutlar, sənədlər, ekspertiza rəyləri və digər sübutlar da daxil olmaqla, cinayət işinin bütün materialları ilə tanış edilib.

Cinayət işi üzrə ittiham aktı Azərbaycan Baş prokuroru tərəfindən 28 dekabr 2024-cü il tarixində təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.