![](https://teleqraf.az/storage/2025/02/13/715x378/putin.jpg)
BAKI, 13 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə 90 dəqiqəlik telefon danışığı Rusiya və Kreml sahibini təcrid etmək cəhdlərinin uğursuzluğa düçar olduğunu göstərdi.
Teleqraf xəbər verir ki, bu barədə “The Times” yazır.
Britaniya nəşri bildirir ki, Rusiyanın təbliğat resurslarında Trampın Putinlə telefon danışığı alqışlanır. Xüsusilə, Kremlə yaxın olan ultra-mühafizəkar oliqarx Konstantin Malofeyev deyib ki, Rusiya və ABŞ liderləri arasında üzbəüz görüş müharibəyə son qoya və yeni dünya düzənini başlada bilər.
Rus təbliğat mediası Trampın çağırışını Moskva ilə Vaşinqton arasında münasibətlərdə dönüş kimi qiymətləndirib.
Kremlin təbliğatçısı Vladimir Solovyovun sözlərinə görə, Tramp “çox nəzakətli”dir, çünki telefon danışığında Rusiya təcavüzü və onun dəhşətli cinayətlərindən danışmayıb.
Həmçinin “Times” hesab edir ki, telefon danışığı Kiyevdə sülh danışıqları zamanı Ukraynanı kənarda qoyacağı ilə bağlı narahatlığı artırıb:
“Bununla belə, telefonu götürüb Putinlə danışmaq 1945-ci ildən bəri Avropada ən böyük müharibəni bitirməkdən qat-qat asandır. Amerika liderinin Moskvanın tələblərinə tam təslim olmadan döyüşləri dayandırmaq qabiliyyətinə şübhələr var”.
Materialda qeyd olunur ki, hazırda Rusiyanın Ukraynada etdiklərindən sonra Putinin şərtləri ilə müharibənin dayandırılmasına necə nail olmağın mümkün olduğunu təsəvvür etmək çətindir:
“Diktator (Putin) Ukraynadan ölkənin şərqi və cənubundakı 4 regionda, eləcə də Kremlin 2014-cü ildə ilhaq etdiyi Krımda Rusiyanın hökmranlığını tanımasını tələb edir. O, həm də Ukraynanın “neytral ölkə” olması və NATO-ya üzv olmaq üçün istənilən ambisiyalarından əl çəkməsini istəyir”.
Britaniya nəşri qeyd edir ki, Trampın nə deməsindən asılı olmayaraq, Ukrayna silahı yerə qoymamalıdır.