
BAKI, 7 aprel. TELEQRAF
Böyük Britaniya Xarici İşlər Nazirliyi (FCDO) ölkə vətəndaşlarına Azərbaycanın cənub-qərbinə - Ermənistanla sərhədyanı bölgələrə getməməyi tövsiyə edib.
Teleqraf xəbər verir ki, bununla bağlı Britaniya hökumətinin saytında məlumat dərc olunub.
"Ermənistanla sərhəd bağlıdır. FCDO Azərbaycan ilə Ermənistan arasındakı gərginliklər səbəbindən Ermənistanla sərhədin 5 kilometrindən yaxın ərazilərə səyahət etməməyi tövsiyə edir", - məlumatda bildirilib.
Vurğulanıb ki, bu tövsiyə 2020 və 2023-cü illərdə münaqişədən təsirlənmiş bölgələri - Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd, Şuşa, Xocalı, Xankəndi, Ağdam və Tərtər rayonlarını əhatə edir. Səyahət xəbərdarlığı Azərbaycanın Naxçıvan istiqamətində Ermənistanla sərhədinə aid deyil.
Britaniya Xarici İşlər Nazirliyinin açıqlamasına, hələlik, Azərbaycanın rəsmi qurumları münasibət bildirməyib.