
BAKI, 7 aprel. TELEQRAF
Milli Məclisin deputatları Fariz İsmayılzadə, Tural Gəncəliyev və Zaur Şükürov ölkəmizdə səfərdə olan Böyük Britaniya Parlamentinin Lordlar Palatasında hakim Leyboristlər Partiyasını təmsil edən Lord Con Manla görüşüblər.
Teleqraf xəbər verir ki, görüşdə Azərbaycan-Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fariz İsmayılzadə iki ölkə arasında münasibətlərin inkişafı, Böyük Britaniyanın Azərbaycanın müstəqilliyi və suverenliyi məsələlərində ədalətli mövqeyi barədə fikirlərini bölüşüb.
Söhbət zamanı deputatlar Tural Gəncəliyev və Zaur Şükürov Azərbaycan-Britaniya parlamentlərarası münasibətləri, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın perspektivləri barədə danışıblar.
Görüşdə Böyük Britaniya Parlamentinin Lordlar Palatasında hakim Leyboristlər Partiyasını təmsil edən Lord Con Man ölkələrimiz arasında mövcud olan iqtisadi və ticarət tərəfdaşlığının əhəmiyyəti, bölgədə sabitliyin yaranması ilə iqtisadi inkişaf üçün geniş potensialın mövcudluğu, bu mühitdən səmərəli istifadə olunmasının vacibliyi barədə fikirlərini açıqlayıb.
Söhbətdə gələcək əməkdaşlıq perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb.
Həmçinin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Asim Mollazadə Lord Con Manla görüşüblər.
Görüşdə Azərbaycanla Böyük Britaniya arasında mövcud olan siyasi və parlamentlərarası münasibətlərin əhəmiyyətini vurğulayıb, bu əlaqələrin gələcəkdə də dərinləşəcəyinə inamını ifadə edib.
Söhbət zamanı deputat Asim Mollazadə iki ölkə arasında əməkdaşlığın tarixinə və gələcək perspektivlərinə toxunub. Deputat bildirib ki, Azərbaycan beynəlxalq tərəfdaşlıqlarını insan haqları, azadlıq və qarşılıqlı hörmət prinsipləri əsasında qurmağa davam edəcək.
Böyük Britaniya parlamentinin Lordlar Palatasında hakim Leyboristlər partiyasının üzvü Lord Con Man görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafı üçün qarşılıqlı səfərlərin əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Bildirilib ki, Azərbaycan və Böyük Britaniya parlament əməkdaşlığı qarşılıqlı etimada əsaslanan münasibətləri əks etdirir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.