BAKI, 7 aprel. TELEQRAF

Avropa İttifaqı (Aİ) Ukraynada müharibə başa çatdıqdan sonra bu ölkədən gəlmiş qaçqınların hüquqi statusuna dair aydın strategiyaya malik deyil.

Teleqraf xəbər verir ki, bu barədə “Euractiv” portal məlumat yayıb.

Bildirilib ki, bu hal milyonlarla ukraynalının gələcək taleyini qeyri-müəyyən vəziyyətdə qoyur.

Aİ-nin 2022-ci ilin martında aktivləşdirdiyi “Müvəqqəti Müdafiə Direktivi” Ukrayna vətəndaşlarına İttifaq ərazisində yaşamağa və işləməyə imkan versə də, müharibə başa çatarsa, bu hüquqlar avtomatik olaraq qüvvədən düşə bilər.

Belə olacağı təqdirdə üzv ölkələrin hər biri qaçqınlara münasibətdə fərqli qərarlar verməli olacaq və onlardan bəziləri yardımı azaltmaq, digərləri isə vətəndaşları cəmiyyətə inteqrasiya etmək və ya geri göndərmək yolunu seçə bilər.

Bundan əlavə, “Müvəqqəti Müdafiə Direktivi” blok ölkələri tərəfindən fərqli şəkildə şərh edilir.

Bu isə Ukrayna qaçqınlarının hansı ölkədə yerləşməsindən asılı olaraq onlara münasibətin dəyişməsinə gətirib çıxarır.

Portal yazır ki, bu qeyri-bərabərlik vəziyyəti Avropa səviyyəsində vahid planın hazırlanmasını daha da çətinləşdirir.