
BAKI, 7 aprel. TELEQRAF
Avropa İttifaqı (Aİ) ölkələrinin maliyyə nazirləri aprelin 12-də Polşada yeni müdafiə fondu yaratmaq məsələsini müzakirə edəcəklər.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Yeni fondun adı European Defence Mechanism (EDM) olacaq. Bu fond, dövlət borcunu artırmadan böyük vəsaitlər toplayaraq Aİ-nın müdafiə sahəsini gücləndirmək məqsədini güdür. Lakin bəzi ölkələr xüsusən də yüksək borcu olan dövlətlər, bu təşəbbüsə qarşı narahatlıqlarını bildiriblər. EDM fondu müxtəlif müdafiə texnikaları almaq, bu texnikalardan istifadə üçün ödənişlər almaq və hətta kreditlər vermək imkanına sahib olacaq.
EDM fonduna yalnız Avropa İttifaqı ölkələri deyil, həm də İttifaqa üzv olmayan ölkələr Böyük Britaniya, Ukrayna və Norveç də daxil ola biləcək.