
BAKI, 7 aprel. TELEQRAF
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts səhvən Milli Təhlükəsizlik Şurasının (MTŞ) mətbuat katibi Brayan Hyuzun yerinə “The Atlantic” jurnalının baş redaktoru Ceffri Goldbergi “Signal” messencerindəki çata əlavə edib.
Teleqraf xəbər verir ki, bu barədə “CBS” televiziya kanalı məlumat yayıb.
Mənbələr bildirib ki, Goldberg ötən ilin oktyabr ayında ABŞ Prezidenti Donald Trampın seçki kampaniyasına məktub göndərmişdi. Bu məktubu isə mətbuat katibi Brayan Hyuz Uoltsa göndərib. Həmçinin, mətbuat katibi Hyuz Uoltsdan yeni telefon nömrəsini yadda saxlamasını istəyib. Lakin Uolts səhvən Goldberqin nömrəsini Hyuzun yeni nömrəsi kimi yadda saxlayıb.
Qeyd edək ki, “The Atlantic” qəzetinin baş redaktoru Ceffri Goldberg martın 24-də bir məqalə yayıb. Məqalədə martın 11-də “Siqnal”a Mayk Uolts adlı istifadəçidən qoşulma sorğusu aldığını bildirib. İki gün sonra jurnalist qrup söhbətinə qoşulub və burada ABŞ administrasiyasının üzvlərinin Yəməndəki hücumları müzakirə etdiyini qeyd edib.
Jurnalistin iddiasına görə, martın 15-də "Pit Heqset" adlı istifadəçi hücumların detalları və hədəflərin vurulacağı təxmini vaxtı açıqlayıb. Bu vaxt jurnalistin sözlərinə görə, sosial şəbəkələrdə bombardmanlar haqqında ilk xəbərlərin yayımlandığı vaxtla üst-üstə düşüb. “The Atlantic”də yayılan bu məqalə ABŞ-də rezonans doğurub.
ABŞ-nin Demokrat Partiyası “Siqnal” üzərindən baş vermiş məlumat sızmasını Prezident Donald Tramp administrasiyasının milli təhlükəsizliyə cavabdeh olan hissəsinin ciddi səhvi kimi qiymətləndirib. Konqresdə Mayk Uolts və bəzi digər prezident komandası üzvlərinin vəzifədən azad edilməsi ilə bağlı çağırışlar edilib.
Xatırladaq ki, martın 15-də Trampın əmri ilə ABŞ Yəmənin təxminən üçdə birini nəzarət altında saxlayan husi yaraqlılarının mövqelərinə intensiv zərbələr endirməyə başlayıb.