
BAKI, 7 aprel. TELEQRAF
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik Prezident Rəcəb Tayyib Ərdoğanı “xunta lideri” adlandıran Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özələ reaksiya verib.
Teleqraf xəbər verir ki, o, CHP-nin özünü vaxtilə Türkiyədə mövcud olmuş xunta rejimlərinə dəstəkdə ittiham edib.
“Bu, heç vaxt vətəndaşlarımız tərəfindən qəbul edilməyib. CHP rəhbərliyi partiyanı getdikcə marginallaşan siyasətə məhkum edib. Ən sonda Özgür Özəl demokratiya siyasətində çox böyük səhvə yol verərək, hökumətimiz və prezidentimizi onlara yaraşmayan ifadələrlə etiketləməyə çalışıb. Əslində, onlar bu ifadələri işlədərkən, öz şüurlarında olanları və öz siyasi həyatlarını əks etdirirlər.
Xunta administrasiyası ifadəsinin hökumətimizə qarşı istifadəsi CHP rəhbərliyinin seçilmiş iradəyə hörmətsizliyi nəticəsində dilə gətirilib”, - AKP rəsmisi bildirib.
Ömər Çelik əlavə edib ki, CHP-nin özü vaxtilə Türkiyədə siyasi xuntaların birbaşa təhrikçisi olub və bütün xuntaları dəstəkləyib.
Hakim partiyanın sözçüsü Özgür Özəli Türkiyədən xarici mərkəzlərə şikayət etməkdə də ittiham edib.