BAKI, 7 aprel. TELEQRAF

Azərbaycanın yeniyetmə atletləri Çirçiq şəhərində keçirilən ağırlıqqaldırma üzrə Açıq Özbəkistan turnirində iştirak edirlər.

Teleqraf xəbər verir ki, bu gün 3 Azərbaycan təmsilçisi körpücük üzərinə çıxıb.

61 kq çəki dərəcəsində yarışan Kamran Xappayev birdən qaldırma hərəkətində 103 kq nəticə göstərərək bu hərəkətdə birinci olub. Kamran təkanla qaldırma hərəkətində də eyni uğuru təkrarlayıb. Atlet bu dəfə 123 kq ağırlığı ram edib. Beləliklə toplamda 226 kq nəticə göstərən Kamran Xappayev yarışın qalibi adını qazanıb.

55 kq-da Zeynəb Həsənova birdən qaldırma hərəkətində 48 kq, təkanla qaldırmada isə 63 kq ağırlığı başı üzərinə qaldırıb. Həsənova toplamda 111 kq nəticə ilə turniri 4-cü pillədə başa vurub.

49 kq çəki dərəcəsində mübarizə aparan Aydan Rzayeva isə birdən qaldırma hərəkətində 53 kq, təkanla qaldırmada isə 66 kq ağırlığı başı üzərinə qaldırıb. O, toplamda 119 kq nəticə ilə 6-cı olub.

Qeyd edək ki, aprel ayının 9-u İsa Əliyev və Malikə Biçekuyeva körpücük üzərinə çıxacaqlar. Aslan Əmiraslanov isə 11 aprel tarixində mübarizəyə qoşulacaq.