BAKI, 7 aprel. TELEQRAF

“Bu il qarşıya qoyulan məqsəd var, ona çatmalıyıq. Mövsümün əvvəlindən bu tip hallara hazırlıqlıyıq. Futbolçularıma deyirəm ki, psixoloji durumumuzu aşağı salmaq lazım deyil”.

Teleqraf xəbər verir ki, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov evdə “Neftçi”yə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIX tur oyunundan sonra mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis komandasının məğlub olmasının səbəbini heyətdəki itkilərlə əlaqələndirib: “Evdə oynayırdıq, qalib gəlib azarkeşlərimizi sevindirmək istəyirdik. Həm də xal ehtiyatımızı artırmalıyıq. Birinci hissədə pis oynamasaq da, qol imkanlarından istifadə edə bilmədik. Amma penalti, müdafiədə yol verdiyimiz səhv və rəqibin fərdi ustalıq səviyyəsi bizi məğlub etdi. Futbolçular o ustalığı meydanda göstərə bildilər. Son vaxtlar hər şey üst-üstə düşüb, zədələrimiz çoxalıb, ehtiyat qüvvəmizin belə zəif olması bizi çətinə salacağını bilirdik. Amma ən çətin andan keçmişik. Üçüncü dövrədə həm vərəqə cəzaları, həm də zədəlilər çox az oldu. Amma indi Rəfael Məhərrəmli, Leroy Mikels və Vladislav Veremeyevin olmaması heyətdə çətinliklər yaradır. Maykl Tuik xəstə idi, amma hücumçumuz olmadığı üçün oynatmaq məcburiyyətində qaldıq. Bunlar normaldır, mövsüm ərzində olur”.

Abbasov bu gün debüt edən gənc oyunçu Elmar Məmmədovla bağlı da danışıb: “Tək sevindirici məqam Elmarın debüt etməsi oldu. Zədəlilər də qayıtsa, toparlanacağıq. Yenə bu, bizim üçün bir siqnaldır. Gələcəkdə daha geniş heyət qurmağa çalışacağıq”.

Qeyd edək ki, “Şamaxı” hazırda 28 xalla turnir cədvəlinin 8-ci pilləsində yer alır.