
TBİLİSİ. 7 aprel. TELEQRAF
Gürcüstanda xarici qrantın alınması üçün hökumətin və yaxud onun təyin etdiyi səlahiyyətli nümayəndənin razılığı tələb olunacaq.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bununla bağlı ölkənin “Qrantlar haqqında” qanununa düzəlişlər hazırlanıb.
Layihəyə əsasən, qrantın razılıq olmadan əldə edilməsinə qadağa qoyulacaq və məsuliyyətə səbəb olacaq.
Qrantın verilməsinə hökumətin razılığını bildirməsi üçün 10 günlük müddət müəyyən ediləcək. Qərardan şikayətin verilməsi onun qüvvəyə minməsinə mane olmayacaq.
Qadağan edilmiş qrantın qəbul olunmasına görə qrant alan onun məbləğindən iki dəfə çox məbləğdə cərimələnəcək.
Layihədə qeyd olunub ki, yeni qayda beynəlxalq idman assosiasiyaları, federasiya və komitələrin təqdim etdiyi, Gürcüstanda fəaliyyət göstərən beynəlxalq təşkilatların aldığı qrantlara, ölkədən kənarda orta və ali təhsil üçün verilən fərdi təqaüdlərə şamil edilməyəcək.