BAKI, 8 may. TELEQRAF
“Qarabağ hərəkatı” Ermənistan üçün ölümcül səhv idi”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə yerləşən Kornidzorda seçiciləri ilə görüşündə deyib.
Baş nazir “Qarabağ hərəkatı”nın müharibə demək olduğunu bildirib. Ermənistan hökumətinin başçısı bu səbəbdən bu təhlükəli hərəkatın davam etməməli olduğunu vurğulayıb.
“Etiraf etməliyik ki, “Qarabağ hərəkatı” bizim üçün ölümcül səhv idi”, - o qeyd edib.
Paşinyan vurğulayıb ki, bu məsələdən həmişə Ermənistanın inkişafının qarşısını almaq üçün istifadə edilib.
“Biz “ərazi itirməkdə” ittiham olunuruq. Amma mən aydınlaşdırmaq istəyirəm: biz ərazi itirməmişik. Əslində, “itirməkdə” ittiham olunduğumuz ərazilər heç vaxt bizə məxsus olmayıb”, - o əlavə edib.
Ermənistan Baş naziri son bir neçə ildə keçdiyi yolu çətin adlandırıb, amma onun fikrincə, bu yol ona düzgün nəticələr çıxarmağa imkan verib.
Xatırladaq ki, bu gün Ermənistanda 7 iyun parlament seçkiləri ilə əlaqədar təşviqat kampaniyası start götürüb. Nikol Paşinyan partiyası “Vətəndaş Müqaviləsi”nin seçki kampaniyasına Sünik bölgəsindən (Qərbi Zəngəzur) başlayıb.