BAKI, 6 noyabr. TELEQRAF

Ermənistan Kadastr Komitəsinin sədri Suren Tovmasyan jurnalistlərlə söhbəti zamanı Kərki kəndinin (“Tiqrenaşen” adlandırılır - red.) kəndinin hüquqi baxımdan Ermənistan ərazisinin tərkib hissəsi olub-olmaması ilə bağlı sualı cavablandırıb.

Teleqraf xəbər verir ki, o, dolayı yolla kəndin Ermənistana məxsus olmadığını etiraf edib.

Tovmasyan Kərkinin 2009-cu ildə qəbul edilmiş Ermənistanın inzibati-ərazi bölgüsü haqqında qanuna daxil edilməsini başa düşmədiyini bildirib:

“2009-cu ildə qəbul edilmiş inzibati-ərazi bölgüsü haqqında qanun var. Həmin qanunda “Tiqrenaşen” yaşayış məntəqəsi, yaxud məhəlləsi - dəqiq xatırlamıram - qeyd olunub. Ancaq onun hansı əsasla həmin qanuna daxil edilməsi ayrıca müzakirə mövzusudur. Məsələ hüquqşünaslar tərəfindən araşdırılmalıdır”.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan bundan əvvəl Kərkinin Azərbaycana məxsus olduğunu etiraf edərək, Ermənistan ərazisində Azərbaycana məxsus digər anklavların da olduğunu açıqlayıb. Söhbət Kərki ilə yanaşı, Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndlərindən gedir.