BAKI, 5 noyabr. TELEQRAF

“Ermənistan Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi 2027-ci ildə də Azərbaycanla münasibətlərin normallaşdırılması və inkişafı prosesini davam etdirəcək”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan parlament komilərinin birgə iclasında deyib.

“2027-ci ildə 2026-cı ildə həyata keçirdiyimiz xarici siyasəti müəyyən vurğular və dəyişikliklərlə davam etdirəcəyimizi desəm, böyük bir kəşf etmiş olmaram. Əvvəlki illərdə olduğu kimi, 2027-ci ildə də əsas diqqət Ermənistanı əhatə edən regiona və bilavasitə qonşuluğuna yönəldiləcək. Ümumilikdə, vəziyyəti xarakterizə etsək, əsas məqsədimiz Ermənistan ətrafında sülh və əməkdaşlıq mühitinin formalaşdırılması, ölkəmizin suverenliyinin və müstəqilliyinin möhkəmləndirilməsi, dövlətimizin davamlı mövcudluğunun təmin edilməsi və gücləndirilməsi olacaq”, - Mirzoyan bildirib.

Nazir bu kontekstdə Ermənistanın dörd birbaşa qonşusunun diqqət mərkəzində olacağını vurğulayıb.

Azərbaycanla münasibətlərə toxunan Mirzoyan qeyd edib ki, Ermənistanın öhdəliyi mümkün qədər tez sülh sazişinin imzalanmasına və ratifikasiya edilməsinə nail olmaqdır:

“Bizim öhdəliyimiz sizin dəstəyinizlə Azərbaycanla sülh sazişinin mümkün qədər tez imzalanmasını, daha sonra isə ratifikasiya edilməsini təmin etməkdir. Bunun praktiki olaraq mümkün olacağı vaxta qədər, əlbəttə, Azərbaycanla sülhdən irəli gələn və sülhü daha da möhkəmləndirən bir sıra addımları atmağa, əməkdaşlığı gücləndirməyə və genişləndirməyə davam edəcəyik. Bunlara, məsələn, ikitərəfli ticarət, Azərbaycanın öz ərazisini Ermənistana gələn və Ermənistandan gedən yüklər üçün açması daxildir.

Əminəm ki, TRIPP və digər layihələr çərçivəsində də tədricən eyni vəziyyət yaranacaq - Azərbaycan yükdaşımaları üçün Ermənistan ərazisindən istifadə edəcək”.