BAKI, 4 noyabr. TELEQRAF
Ermənistan Milli Təhlükəsizlik Xidmətinə aparılan “Güclü Ermənistan” partiyasının sədri Samvel Karapetyan barəsində yeni cinayət işi açılıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Söhbət Ermənistan Elektrik Şəbəkələri şirkəti ilə əlaqəli iqtisadi cinayətdən gedir. Bu çərçivədə S.Karapetyan da daxil olmaqla 36 nəfər barəsində cinayət işi açılıb.
Şübhəlilər “özəl sektorda vəzifə səlahiyyətlərindən və ya həmin səlahiyyətlərlə əlaqədar təsirdən sui-istifadə”, “külli miqdarda əmlakın mənimsənilməsi” və “külli miqdarda çirkli pul vəsaitlərinin yuyulması” ittiham edilir.
Müstəntiq tərəfindən həmin şəxslərin saxlanılması barədə qərar qəbul edilib və işin icrası təhqiqat orqanına həvalə olunub.
Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
***
14:49
“Güclü Ermənistan” partiyasının sədri Samvel Karapetyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə aparılıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Bu gün səhər saatlarından İstintaq Komitəsinin müstəntiqləri Samvel Karapetyanın və parlamentdəki “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyanın mənzillərində axtarışlar aparırlar.
“Güclü Ermənistan” partiyasının sözçüsü Ağavni Sukiasyanın sözlərinə görə, Karapetyan ailəsi ilə əlaqəli digər ünvanlarda da axtarışlar həyata keçirilir.
Mətbuatın məlumatına görə, söhbət Ermənistan Elektrik Şəbəkələri şirkəti ilə əlaqəli iqtisadi cinayətdən gedir.
İstintaq Komitəsi məsələ ilə əlaqədar bildirib:
“Ermənistan İstintaq Komitəsinin İqtisadi cinayətlərin və qaçaqmalçılığın araşdırılması üzrə Baş İdarəsində aparılan cinayət işi çərçivəsində 65 ünvanda eyni vaxtda axtarışlar həyata keçirilir”.
Xatırladaq ki, Samvel Karapetyan ötən il iyunun 18-dən hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlar etmək ittihamı ilə ev həbsində idi.