BAKI, 6 noyabr. TELEQRAF
Ermənistanda respondentlərin 30 faizi ölkə Prezidenti Vaaqn Xaçaturyanın fəaliyyəti barədə məlumatlı deyil.
Teleqraf xəbər verir ki, bu barədə “Gallup International”ın təqdim etdiyi araşdırmanın nəticələrində bildirilir.
“Ermənistan prezidentinin fəaliyyəti ən aşağı müsbət qiymət alıb - 13,2 faiz. Sorğuda iştirak edənlərin 30 faizi ya onun fəaliyyəti ilə tanış deyil, ya da ümumiyyətlə kim olduğunu bilmir. Bu, müəyyən mənada gülüncdür”, - “Gallup International”ın Ermənistandakı nümayəndəliyinin rəhbəri, sosioloq Aram Navasardyan sorğunun nəticələrinin təqdimatı zamanı deyib.
O qeyd edib ki, vətəndaşlar ən çox Erməni Apostol Kilsəsinin fəaliyyətindən razıdırlar. Respondentlərin 59,1 faizi kilsənin fəaliyyətindən tam razı olduğunu, daha 13,9 faizi isə əsasən razı qaldığını bildirib:
“İkinci yerdə reytinqində müəyyən azalma müşahidə olunan Ermənistan Silahlı Qüvvələri qərarlaşıb. Respondentlərin 46,6 faizi Ermənistan Silahlı Qüvvələrinin fəaliyyətindən tam, daha 21,2 faizi isə əsasən razıdır. Silahlı Qüvvələrdən sonra Ermənistan Baş naziri Nikol Paşinyan gəlir. Respondentlərin 31,1 faizi onun fəaliyyətindən tam, 20,8 faizi isə əsasən razıdır. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da Paşinyandan demək olar, geri qalmır. Sorğuda iştirak edənlərin 30 faizi onun fəaliyyətindən tam, daha 20 faizi isə əsasən razıdır”.
Sorğu oktyabrın 28-dən noyabrın 4-dək telefon müsahibələri üsulu ilə keçirilib və tədqiqatda 1001 nəfər iştirak edib. Xəta payı ±3 faiz təşkil edir.