BAKI, 5 noyabr. TELEQRAF
Ermənistan parlamenti TRIPP layihəsi ilə bağlı növbədənkənar iclas keçirəcək.
Teleqraf xəbər verir ki, müvafiq qərar bu gün Ermənistan hökumətinin iclasında təsdiqlənib.
Növbədənkənar iclasın gündəliyinə “Səhmdar cəmiyyətlər haqqında” qanuna dəyişikliklər layihəsi daxil edilib. Dəyişikliklər Ermənistan hökumətinin 25 faiz və daha çox payla iştirak etdiyi, beynəlxalq sazişlər əsasında yaradılan şirkətlərin hüquqi münasibətlərini tənzimləməyi nəzərdə tutur.
Bu, qeyd olunan marşrutun tikintisi və idarə olunması üçün yaradılmış “TRIPP Development Company” şirkətinin fəaliyyətini hüquqi baxımdan tənzimləməyə imkan verəcək. Bununla yanaşı, dəyişikliklər beynəlxalq formatda yaradıla biləcək digər şirkətlərə də şamil olunacaq.
Qanun layihəsinin təxirəsalınmaz qaydada qəbul edilməsi təklif olunur.
Xatırladaq ki, oktyabrın 28-də Ermənistan parlamenti TRIPP marşrutu ilə bağlı Ermənistan və ABŞ arasında imzalanmış çərçivə hökumətlərarası sazişi ratifikasiya edib.