BAKI, 6 noyabr. TELEQRAF

Londonda Ermənistanla Böyük Britaniya arasında ikitərəfli müdafiə məsləhətləşmələri keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məsləhətləşmələr zamanı regional və beynəlxalq təhlükəsizlik, eləcə də müdafiə sahəsində əməkdaşlığa dair məsələlər müzakirə olunub.

Tərəflər ikitərəfli əməkdaşlığın hazırkı vəziyyətini və inkişaf perspektivlərini ətraflı nəzərdən keçiriblər. Bir sıra yeni sahələrdə əməkdaşlıq üçün böyük potensialın mövcudluğu və bu imkanların reallaşdırılmasına qarşılıqlı hazırlıq qeyd olunub. Bununla bağlı müvafiq razılaşmalar əldə edilib.

Məsləhətləşmələrin yekununda Ermənistan Müdafiə Nazirliyinin Müdafiə siyasəti və beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Levon Ayvazyan və Böyük Britaniya Müdafiə Nazirliyinin Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya siyasəti üzrə direktoru Kris Kin müdafiə sahəsində 2026-2027-ci illər üçün əməkdaşlıq proqramını imzalayıb.

Növbəti məsləhətləşmələrin İrəvanda keçirilməsi barədə razılıq əldə olunub.