BAKI, 5 noyabr. TELEQRAF
Ermənistan hökuməti İrəvanın vergi və gömrük sahələrində əməkdaşlığı nəzərdə tutan “Customs” və “Fiscalis” proqramlarında iştirakı ilə bağlı Avropa İttifaqı (Aİ) ilə saziş imzalanması təklifini təsdiqləyib.
Teleqraf xəbər verir ki, qərar hökumətin bu gün keçirilən iclasında verilib.
Qərarın əsaslandırılmasına görə, proqramlara qoşulmaq tərəflər arasında texniki əməkdaşlığa, Ermənistanın institutsional inkişafına və iqtisadi rəqabət qabiliyyətinin artırılmasına töhfə verəcək.
Əsaslandırmada vurğulanır ki, vergi və gömrük sistemlərinin Avropa standartlarına uyğunlaşdırılması Ermənistanın iqtisadi suverenliyini gücləndirir və Qərb standartlarına uyğun şəffaf iqtisadi siyasətin həyata keçirildiyini nümayiş etdirir. Proqramlar çərçivəsində əməkdaşlıq Ermənistanın gömrük qanunvericiliyinin də Aİ qanunvericiliyinə yaxınlaşdırılmasına kömək edəcək.
Proqramlar 2027-ci ildə, bir il ərzində həyata keçiriləcək.
Qeyd edilib ki, Ermənistanın bu proqramlarda iştirakı ölkədə Avropa elektron sistemlərinin inkişafına, vergi məlumatlarının mübadiləsinə və erməni vergi müfəttişlərinin təliminə də töhfə verəcək.
Proqramlarda iştirak üçün Ermənistanın illik üzvlük haqqı təxminən 80 min avro təşkil edəcək.