
TBİLİSİ, 15 aprel. TELEQRAF
Litvanın Miqrasiya Departamenti ölkəyə girişi qadağan olunmuş Gürcüstan vətəndaşlarının siyahısını dərc edib.
Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, siyahıda müxtəlif vaxtlarda Litvanın sanksiyalar tətbiq etdiyi 102 nəfər yer alıb.
Həmin şəxslərin arasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze, hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili, daxili işlər naziri Vaxtanq Qomelauri, Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin direktoru Vaja Siradze, Tbilisi meri Kaxa Kaladze, parlamentin vitse-spikeri Tea Tsulukiani, Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəisi Qriqol Liluaşvili, “Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze və parlament üzvü Dito Samxaradze də var.
Viza məhdudiyyətlərinə əsasən, siyahıdakı şəxslər 2029-cu ilin dekabrına qədər Litvaya daxil ola bilməyəcəklər.
Qeyd edək ki, ötən ay Litvanın sanksiyalarına münasibət bildirən İ.Kobaxidze Gürcüstanın bu ölkə ilə birtərəfli dostluq rejimində qaldığını bildirib.