
TBİLİSİ, 14 aprel. TELEQRAF
Gürcüstanın keçmiş baş naziri, müxalif “Gürcüstan naminə” partiyasının sədri Giorgi Qaxariyanın parlamentin istintaq komissiyasının bugünkü iclasında dindirilməsi başa çatıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, siyasətçi altı saat ərzində ifadə verib.
G.Qaxariya 2019-cu ilin iyununda Tbilisidə etiraz aksiyasının dağıdılması zamanı daxili işlər naziri kimi rezin güllələrin istifadəsinə əmr vermədiyini bildirib. O, yalnız gözyaşardıcı qaz və su şırnaqlarının tətbiq edilməsinə qanunvericiliyə uyğun olaraq əmr verdiyini qeyd edib.
Sabiq baş nazir deyib ki, “Qavrilov gecəsi” adlandırılan 20 iyun hadisələri ilə bağlı hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili də dindirilməlidir. O, həmçinin vurğulayıb ki, həmin vaxt Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilovun Tbilisiyə gəlməsinə qarşı çıxsa da, hazırkı baş nazir, o zaman isə parlament sədri olan İrakli Kobaxidze onu razı salıb.
***
11:24
TBİLİSİ, 14 aprel. TELEQRAF
Gürcüstanın keçmiş baş naziri, müxalif “Gürcüstan naminə” partiyasının sədri Giorgi Qaxariya parlamentin istintaq komissiyasına ifadə verəcək.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə partiyanın yaydığı məlumatda bildirilib.
Məlumata əsasən, G.Qaxariya bu gün saat 12:00-da komissiyanın iclasına qatılacaq və sualları cavablandıracaq.
Qeyd edək ki, komissiya G.Qaxariyanı aprelin 10-da “20 iyun işi” ilə bağlı dəvət edib.
G.Qaxariya 2017-2019-cu illərdə Gürcüstanın daxili işlər naziri, 2019-2021-ci illərdə isə baş naziri olub. 2019-cu ilin iyunun 20-də Tbilisidə parlament binası qarşısında keçirilmiş kütləvi etiraz aksiyası gözyaşardıcı qaz və rezin güllələrin istifadəsi ilə dağıdılıb, nəticədə 38-i jurnalist olmaqla 240 nəfər xəsarət alıb.
Xatırladaq ki, istintaq komissiyası 2003-2012-ci illərdə mövcud olan hakimiyyətin fəaliyyətinin araşdırılması ilə məşğul olur. Mandatı genişləndirildiyindən komissiyanın araşdırma dövrü 2012-ci ildən sonrakı illəri də əhatə edir.