TBİLİSİ, 12 aprel. TELEQRAF

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Gürcüstana rəsmi səfərə dəvət edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın hökumət adminstrasiyasının tərəflər arasında keçirilmiş görüş barədə yaydığı məlumatda bildirilib.

Məlumata əsasən, görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyəsindən və müxtəlif sahələrdə uğurlu əməkdaşlıqdan danışılıb.

Tərəflər Birgə İqtisadi Komitənin işinin bərpasının vacibliyini müzakirə ediblər və yaxın vaxtlarda növbəti iclası keçirməyə hazırlıqlarını təsdiqləyiblər.

Görüşdə Yaxın Şərqdə cari hadisələr, Cənubi Qafqazda sülh və sabitliyin xüsusi əhəmiyyəti müzakirə olunub. İ.Kobaxidze Gürcüstanın bölgədə etimadın və davamlı sülhün bərpasını təmin edəcək dialoqu təşviq etməyə hazır olduğunu təsdiqləyib.

Görüşdə, həmçinin Gürcüstan-Türkiyə-Azərbaycan formatının vacibliyi də vurğulanıb. Bu format çərçivəsində nazirlərin növbəti görüşünün Türkiyədə keçiriləcəyi qeyd olunub.