TBİLİSİ, 12 aprel. TELEQRAF

“Gürcüstan, Türkiyə və Azərbaycanı birləşdirən üçtərəfli format vacibdir. Türkiyə Prezidenti ilə keçirdiyim görüşdə münasibətlərin yüksək səviyyəsinə baxmayaraq, onların inkişafı üçün potensialın mövcudluğunu vurğuladıq”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Antalyada gürcü jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, görüşdə Gürcüstan-Türkiyə tərəfdaşlığı və münasibətləri ilə bağlı bütün mövzular müzakirə olunub.

“Biz vurğuladıq ki, ölkələrimizi təkcə mehriban qonşuluq deyil, həm də əsl dostluq münasibətləri bağlayır. Siyasi və iqtisadi baxımdan da strateji tərəfdaşlığımız və bir sıra strateji əhəmiyyət kəsb edən layihələrimiz var. Biz ikitərəfli münasibətlərimizin daha da sürətlə inkişaf etdirilməsində qarşılıqlı marağımızı təsdiqlədik”, - baş nazir deyib.

İ.Kobaxidze Antalya Diplomatiya Forumunun əhəmiyyətini vurğulayaraq Türkiyə tərəfinə yüksək qonaqpərvərliyə görə təşəkkür edib.

“Biz panel müzakirəsində iştirak etdik və Gürcüstan ətrafında mövcud vəziyyət haqqında danışmaq imkanımız oldu. Mən Türkiyə və Azərbaycan prezidentləri, Macarıstanın Baş naziri və Avropa Şurasının Baş katibi ilə çox maraqlı və mühüm görüşlər keçirdim. Təbii ki, biz hər görüşdə və müzakirədə milli maraqlarımızla bağlı məsələlərdən danışdıq. Konkret liderlərlə fikir mübadiləsi aparmaq imkanımız da oldu. Ümumiyyətlə, biz mesajlarımızı çatdırmaq üçün bu formatdan maksimum istifadə etdik”, - hökumət başçısı söyləyib.