
TBİLİSİ, 8 aprel. TELEQRAF
“1918-ci ilin martın 31-də Azərbaycanda baş vermiş soyqırımı böyük faciə və dəhşətdir. Bu cür hadisələr əsl dost xalqlar arasında heç zaman ola bilməz”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu fəlsəfə üzrə doktor, professor Temur Paçuliya Tbilisidə “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” mövzusunda keçirilən konfransın panel müzakirələrində deyib.
O, azərbaycanlılar və gürcülər arasında güclü etnik bağların olduğunu qeyd edib.
“Qədim Albaniya dövlətində gürcüdilli icma yaşayırdı. Gürcülər və azərbaycanlılar arasında bağlılıq o zamanlardan başlayır. Bizim aramızda bağlılıq elə güclüdür ki, kimin hansı millətə məxsus olduğunu müəyyən etmək bəzən çətin olur. Bu bağlılığın əsasında humanizm dayanır. Bu səbəbdən gürcülər və azərbaycanlılar arasında hər hansı bir münaqişə ola bilməz”, - professor söyləyib.
T.Paçuliyanın sözlərinə görə, müasir dünya düzənində kiçik xalqlar çətinliklərlə üzləşirlər, çoxqütblü dünyada öz mövqelərini tapmağa çalışırlar:
“Azərbaycanla Gürcüstan bir yerdə olmalı və məqsədlərə birgə çatmalıdırlar”.
Paneldə iştirak edən Gürcüstanın Suxumi Dövlət Universitetinin professoru, tarixçi Quram Marxuliya da 1918-ci ildə Bakıda erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən danışıb, həmin dövrdə bölgədə baş verən mühüm siyasi prosesləri xatırladıb.