TBİLİSİ, 8 aprel. TELEQRAF

“Azərbaycan beynəlxalq ictimaiyyəti 31 Mart soyqırımı qurbanlarını anmağa və qınamağa çağırır”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Tbilisidə keçirilən konfransda çıxışında deyib.

Səfirin sözlərinə görə, beynəlxalq ictimaiyyətin azərbaycanlılara qarşı törədilmiş qırğınların soyıqırmı kimi tanıması Azərbaycan üçün həlledici olmaqla yanaşı, bu cür aktların bir daha təkrarlanmaması baxımından vacib əhəmiyyət daşıyır.

“Azərbaycan xalqına qarşı erməni millətçiləri tarix boyu sistematik etnik təmizləmələr həyata keçiriblər. Azərbaycanlıların deportasiyasından sonra Ermənistan monoetnik dövlətə çevrilib, bu ölkədə Azərbaycanın mədəni irsinə aid dəyərli abidələr dağıdılıb”, - F.Quliyev söyləyib.

Diplomat çıxışında işğaldan azad olunan ərazilərdə davam edən mina hadisələrinə də toxunub. O, bir neçə gün öncə Ağdamda mina partlayışı nəticəsində ikisi uşaq olmaqla üç nəfərin ciddi xəsarət almasını xatırladıb.

F.Quliyev işğaldan azad edilmiş ərazilərdə müasir avadanlıqların tətbiqi ilə mina təmzilənməsi işlərinin davam etdirildiyini və bu istiqamətdə irəliləyişlərin əldə olunduğunu vurğulayıb.

Qeyd edək ki, konfrans Ağdaban faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Tədbirdə “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü”, “Qərbi Azərbaycan - Geri qayıtmaq hüququ: Ermənistandan zorla qovulmuş azərbaycanlılar üçün ədalətin təmin edilməsi” və “Azərbaycanda minalardan təmizləmə: prioritetlər və ehtiyaclar” mövzularında panel müzakirələri təşkil olunacaq.

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Belarus səfiri Lis Anatoli Vasilyeviç, Türkmənistanın səfiri Dövlətmırat Seyitməmmədov, diplomatik korpusun nümayəndələri, ekspertlər, elm adamları, azərbaycanlı icmanın üzvləri iştirak edirlər.