
TBİLİSİ, 8 aprel. TELEQRAF
Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşvilinin işinə baxılıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, məhkəmənin qərarı ilə parlamentin istintaq komissiyasının qanuni tələbini yerinə yetirməməkdə ittiham olunan sabiq nazirə qətimkan tədbiri kimi 20 min lari (12 352 AZN) məbləğində girov tətbiq edilib.
Girovun ödənilməsi üçün 30 günlük müddət təyin olunub. Qərara əsasən, İ.Okruaşviliyə iş yekunlaşana qədər Gürcüstan sərhədindən keçməsinə qadağa qoyulub.
Qeyd edək ki, parlament komissiyası 2003-2012-ci illərdə mövcud olan hakimiyyətin fəaliyyətini araşdırır. Komissiyanın iclasına gəlməmə cinayət hesab olunur. Bu cinayət əməlinə görə cərimə və yaxud bir ildən üç ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq olunur.