
TBİLİSİ, 7 aprel. TELEQRAF
“AŞPA-da Gürcüstanla bağlı keçiriləcək müzakirələr bizə maraqlı deyil”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze AŞPA-da ölkə ilə bağlı keçiriləcək debatları jurnalistlərə şərh edərkən deyib.
Hökumət başçısı qeyd edib ki, Gürcüstan AŞPA-dakı fəaliyyətini dayandırıb.
“Hazırda onlar nəyəsə qərar verə bilməzlər, fəaliyyətimiz bizim tərəfimizdən dayandırılıb”, - İ.Kobaxidze söyləyib.
Debatlara Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili də münasibət bildirib. Spiker AŞPA-nın ciddiliyini itirdiyini deyib:
“Belə böyük assambleya estoniyalıların, ukraynalıların və digər siyasi qrupların gürcü xalqına qarşı yönəlmiş göstərişlərini əsas götürürsə, təşkilat bütün ciddiliyini itirir”.
Qeyd edək ki, Gürcüstan nümayəndə heyəti bu ilin yanvarın 29-da AŞPA-dakı fəaliyyətini dayandırıb. Buna qurumda qəbul olunan qətnamədə Gürcüstanla bağlı yer alan şərtlər səbəb olub. AŞPA-nın yaz sessiyası çərçivəsində aprelin 10-da Gürcüstanda vəziyyətlə bağlı təcili debatlar təşkil olunacaq.