
TBİLİSİ. 6 aprel. TELEQRAF
“Gürcüstan, Türkiyə və Azərbaycan parlamentləri arasında əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılması ilə bağlı hər üç tərəfdə böyük istək var. Bu formatın tez bir zamanda yaradılması Türkiyənin parlament sədrinin arzusudur”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Daşkənddə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ilə keçirdiyi görüşdən sonra deyib.
Onun sözlərinə görə, üç ölkənin parlamentləri arasında xarici əlaqələr komitələri səviyyəsində əməkdaşlıq formatının yaradılması təcrübəsi mövcuddur.
“İndi bu formatı daha yüksək səviyyəyə yüksəltmək və parlament sədrləri səviyyəsində də analoji formatın yaradılması istəyi var”, - spiker söyləyib.
Ş.Papuaşvili, həmçinin bu ilin iyun ayında Türkiyəyə səfər edəcəyini bildirib.