TBİLİSİ, 4 aprel. TELEQRAF

“Gürcüstan ABŞ ilə münasibətlərin inkişafının hər iki ssenarisinə hazırdır”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ-nin yeni hakimiyyəti əvvəlki hakimiyyət haqqında Gürcüstanın son dörd ildə bəyan etdiklərini deyir.

“Bu, artıq nəzərəçarpacaq nəticədir. ABŞ-Gürcüstan münasibətlərinin bundan sonrakı inkişafına gəlincə, biz hər şeyə hazırıq”, - İ.Kobaxidze söyləyib.

Hökumət başçısı ölkələr arasında münasibətlərin inkişafının iki ssenari üzrə mümkün olacağını qeyd edib:

“Bir ssenari ondan ibarətdir ki, Donald Tramp “dərin dövlət”i məğlub edəcək. Bu, bizim üçün yaxşı ssenaridir, belə ki, Gürcüstan-ABŞ münasibətlərinin sağlamlaşdırılmasına imkan verəcək. Tramp “dərin dövlət”ə qalib gələ bilməsə, proseslər son dörd ildə olduğu kimi inkişaf edəcək. Biz hər iki ssenariyə hazırıq. Lakin heç bir ssenaridə Gürcüstan dövlətinin suverenliyini və müstəqilliyini sarsıtmaq mümkün olmayacaq”.

Qeyd edək ki, Tbilisi-Vaşinqton münasibətlərində böhran ötən ilin noyabrından hökm sürür. ABŞ noyabrın 30-da Gürcüstanla strateji tərəfdaşlığı dayandırıb. Ağ Evin yeni rəhbərliyi Gürcüstanla bağlı mövqeyini rəsmi olaraq hələ açıqlamayıb.