BAKI, 10 mart. TELEQRAF

Almaniya rəsmiləri ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı sərt qərarlarından sonra Vaşinqtonla çox milyardlıq F-35 müqaviləsinin taleyi ilə bağlı narahatlıqlarını dilə gətirməyə başlayıblar.

Teleqraf xəbər verir ki, Berlin ABŞ ilə 8,3 milyard avroluq müqavilə çərçivəsində gələn il 35 F-35A döyüş təyyarəsi, 37 ehtiyat mühərrik və iri həcmdə döyüş sursatları almağa hazırlaşır.

Alman mətbuatının yazdığına görə, rəsmilər ABŞ-nin göndərdiyi F-35A döyüş təyyarələrinə “Kill Switch” (“Bağlama Açarı”) adlı sistemi inteqrasiya edəcəyindən narahatdırlar. Sözügedən sistem istənilən vaxt təyyarələrin fəaliyyətini dayandırmaq xüsusiyyətinə malikdir.

ABŞ-nin “Kill Switch” ilə göndərdiyi döyüş təyyarələrinin fəaliyyətinə istənilən vaxt mane ola biləcəyi iddiası uzun müddət müzakirə mövzusu olsa da, bu günə qədər sübuta yetirilməmişdi. Amma Trampın Ukraynaya hərbi və kəşfiyyat yardımlarını dayandırmasından sonra narahatlıqlar artıb.

Ötən həftəsonu ABŞ-nin tədarük etdiyi F-16-ların Ukraynada fəaliyyətini dayandırdığına dair xəbərlər yayılıb.

Münxen Təhlükəsizlik Konfransının keçmiş sədri Volfqanq İşinqer “Bild” qəzetinə deyib: “ABŞ-nin Ukraynada olduğu kimi, Almaniyaya veriləcək F-35-lərə də eyni şeyi edəcəyindən narahat olsaq, o zaman müqavilənin ləğvi məsələsi gündəmə gələ bilər”.

Almaniyanın silah şirkəti “Hensoldt”un meneceri Yoahim Şranzhofer isə bildirib: “F-35-lərdəki “Bağlama Açarı” ilə bağlı deyilənlər şayiə deyil”.

İsveçrə Müdafiə Nazirliyi və Belçika müdafiə naziri Frederik Vansina da F-35-lər ətrafında gedən müzakirələrə münasibət bildirib.

Britaniyanın “Telegraph” qəzetinin iddiasına görə, ABŞ bu ssenarini həyata keçirsə, Avropanın hava hücumundan müdafiə sistemləri təsirsiz hala gələcək.