BAKI, 7 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp yaxın iki il ərzində ölkəsində dünyanın ən böyük aviasiya sərgisinin keçiriləcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Florida ştatındakı Con Kennedi adına Kosmik Mərkəzdə çıxışı zamanı bildirib.

“İki il ərzində dünyanın ən böyük aviasiya sərgisini keçirəcəyik. Söhbət mülki aviasiya və kosmik sənayedən gedir”, – ABŞ lideri deyib.

Trampın sözlərinə görə, sərgi Fransanın Le-Burje şəhərində keçirilən beynəlxalq aviasiya və kosmik salonundan xeyli böyük olacaq.

“Biz indiyədək görünməmiş bir sərgi təşkil edəcəyik”, – o vurğulayıb.

ABŞ Prezidenti Floridada belə bir tədbirin keçirilməsi üçün əlverişli məkanların olduğunu bildirib. O əlavə edib ki, sərgidə dünyanın aparıcı aviaşirkətləri iştirak edəcək və mühüm kommersiya müqavilələri imzalanacaq.

Tramp qeyd edib ki, onilliklər ərzində dünyanın ən böyük aviasiya sərgiləri ABŞ-dan kənarda – Parisdə, Böyük Britaniyada və Dubayda təşkil olunub.

“Artıq 30 ildən çoxdur ki, ABŞ ərazisində keçirilən aviasiya sərgisində yeni sərnişin təyyarəsi təqdim edilmir. Bizdə böyük sərgilər olmayıb”, – Tramp bildirib.