BAKI, 7 noyabr. TELEQRAF
Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino dünya çempionatında iştirakçı komandaların sayının artırılması təşəbbüsündən imtina edib.
Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, İnfantino bu qərarı FİFA-nın əsas turnirlərinin kommersiya hüquqlarının bir hissəsinin satılması planı ətrafında yaranmış qalmaqaldan sonra təzyiqləri azaltmaq məqsədilə qəbul edib.
Bildirilir ki, İnfantino yenidən prezident seçiləcəyi təqdirdə nə milli komandalar arasında dünya çempionatının, nə də klublararası dünya çempionatının genişləndirilməsində israr edəcək.
Qeyd edək ki, daha əvvəl İnfantino Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) 2030-cu il dünya çempionatında iştirakçıların sayının 64 komandaya çatdırılması təklifini dəstəkləmişdi.
Qəzet yazır ki, FİFA rəhbərinin mövqeyini dəyişməsinə əsas səbəblərdən biri “FIFA Forward Enterprise” layihəsi ətrafında yaranmış narazılıqdır. Layihə təşkilatın əsas turnirlərinin kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılmasını nəzərdə tuturdu.
Təşəbbüs Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA), Asiya Futbol Konfederasiyası və digər qurumların ciddi etirazı ilə qarşılanıb. Nəticədə İnfantino layihədən imtina edib.