BAKI, 6 noyabr. TELEQRAF
Litvada Almaniya Silahlı Qüvvələrinin 6 mindən çox hərbçinin iştirakı ilə genişmiqyaslı hərbi təlimləri başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Litva Silahlı Qüvvələrinə istinadla LRT məlumat yayıb.
Dekabrın 3-dək davam edəcək “Freedom Shield 26-II” və “Grand Eagle 26” təlimlərinə Bundesverin 10-cu Tank Diviziyasının 45-ci “Lietuva” Zirehli Briqadasının və 37-ci “Sachsen” Motoatıcı Briqadasının bölmələri cəlb olunub.
Təlimlərdə Litvada yerləşən NATO-nun Çoxmillətli Döyüş Briqadasının Almaniya, Niderland, Norveç, Çexiya, Xorvatiya, Belçika, Lüksemburqdan olan hərbçiləri və Litva hərbi bölmələri iştirak edir.
“Freedom Shield 26-II” təlimləri Rudninkay hərbi poliqonunda, “Grand Eagle 26” manevrləri isə General Silvestras Jukauskas adına poliqonda keçiriləcək.
Təlimlərin məqsədi qoşunların döyüş hazırlığını artırmaq, idarəetmə və əməliyyatların planlaşdırılması prosedurlarını təkmilləşdirmək, həmçinin NATO müttəfiqləri - Litva və Polşa ilə qarşılıqlı fəaliyyəti gücləndirməkdir.