BAKI, 5 noyabr. TELEQRAF
Ukrayna ordusu gecə saatlarında Rusiyanın Ryazan vilayətində strateji neft emalı zavoduna (NEZ) və “Wildberries” marketpleysinin nəhəng anbarına dronlarla zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Hücumdan sonra Ryazan neft emalı zavodunda bir neçə yanğın ocağının yarandığı bildirilib.
Zavodun illik gücü təxminən 17-18 milyon ton neft təşkil edir. Bu, Rusiyanın bütün neft emalının təxminən 5 faizinə bərabərdir.
NEZ avtomobil benzini, dizel yanacağı, aviasiya kerosini, mazut və bitum istehsal edir. Müəssisə Moskvanı və ölkənin mərkəzi bölgələrini yanacaqla təmin edir, həmçinin Rusiya Müdafiə Nazirliyinin ehtiyacları üçün yanacaq və reaktiv mühərriklər üçün TS-1 markalı kerosin istehsal edir
Hücumdan sonra Ryazanda “Wildberries” şirkətinin “Ryazan: Tyuşevskaya” logistika mərkəzində də yanğın baş verib. Bu, təxminən 173 min kvadratmetr sahəyə malik böyük paylama mərkəzidir.