BAKI, 5 noyabr. TELEQRAF
“Demokratlar Partiyasının ABŞ Konqresinə keçirilən aralıq seçkilərində qələbəsi Vaşinqtonun Ukraynaya dəstəyini gücləndirə bilər”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın ZDF telekanalına müsahibəsində deyib.
“Biz hər iki partiyanın - həm Respublikaçıların, həm də Demokratların ikitərəfli dəstəyinə malikik. Respublikaçılara da minnətdaram. Amma Demokratlar Ukraynanı və ona göstərilən yardımı dəstəklədiklərini açıq şəkildə bəyan edirlər”, - Ukrayna lideri bildirib.
Zelenskinin sözlərinə görə, Demokratlar son illərdə müəyyən dərəcədə zəifləmiş ABŞ-Avropa münasibətlərin bərpasına da çalışırlar: “Bu əlaqələr və münasibətlər olmadan Putinə qarşı müqavimət göstərmək çox çətindir”.
Ukrayna Prezidentinin fikrincə, ABŞ-nin Kiyevə yardımını artırması Rusiya Prezidenti Vladimir Putinə təsir göstərə və onu müharibəni dayandırmağa sövq edə bilər:
“Əgər Konqres güclü maliyyə dəstəyi və ya hərbi yardım barədə danışmağa başlasa, Avropanın bu gün etdiyi kimi konkret addımlar atsa və bunu nümayiş etdirsə, bu, Putinə təsir göstərə biləcək müsbət amil olar. Putin düşünməli olacaq ki, dəstək artdığı halda mübarizəni və müharibəni davam etdirməyin mənası varmı”.
O əlavə edib ki, ABŞ-nin Ukraynaya dəstəyinin gücləndirilməsi danışıqların başlanmasına və sülhə nail olunmasına kömək edə bilər.