BAKI, 5 noyabr. TELEQRAF
“Avropa İttifaqı (Aİ) Gürcüstan hakimiyyətinin demokratik prinsiplərdən geri çəkilməsi səbəbindən ölkə vətəndaşları üçün vizasız rejimi ləğv edə bilər”.
Teleqraf xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.
Diplomatın sözlərinə görə, ittifaqa üzv ölkələrin xarici işlər nazirləri yanvar ayında Gürcüstana qarşı atılacaq növbəti addımları müzakirə edəcəklər.
Avropa Komissiyasının son hesabatında qeyd olunur ki, Gürcüstan hakimiyyəti ölkədə demokratiyanın və fundamental hüquqların vəziyyəti ilə bağlı narahatlıqları aradan qaldırmayıb. Məhz bu hallar Gürcüstanın diplomatik, xidməti və rəsmi pasportlarına sahib olan vətəndaşları üçün vizasız rejimin dayandırılmasına səbəb olub. İndi isə ümumi vizasız rejimin də ləğv edilməsi təhlükəsi yaranıb.
Sənəddə həmçinin vurğulanır ki, Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi faktiki olaraq dayanıb, ölkə isə namizəd statusunu yalnız formal olaraq daşıyır.