BAKI, 6 noyabr. TELEQRAF

İtaliya Baş naziri Corciya Meloni Ukrayna ilə bağlı danışıqlarda yaranmış mürəkkəbliyə görə Avropa İttifaqını (Aİ) tənqid edib.

Teleqraf xəbər verir ki, o, danışıqlarda Aİ-ni kimin və hansı səlahiyyətlərlə təmsil edəcəyinin dəqiqləşdirilməsini tələb edib.

“Avropa İttifaqı adından danışıqlar masasında kimin əyləşəcəyinə və hansı mandatla çıxış edəcəyinə nəhayət qərar verilməli olduğunu israrla bildirməyə davam edirəm”, - Meloni Avropa Şurasının prezidenti Antonio Koştaya ünvanladığı məktubda yazıb.

O qeyd edib ki, Aİ-yə üzv ölkələrin razılaşdırılmamış addımları nə müttəfiqlərlə münasibətlərə, nə də mənasız təcavüzü dayandırmağa inandırılmalı olan tərəflərlə əməkdaşlığa töhfə verəcək:

“Əminəm ki, nizamsız fəaliyyət göstərən Avropa obrazı ilə yalnız bu müharibənin davam etməsini istəyənlərin maraqlarına xidmət edirik”.

İtaliya Baş naziri bu məsələnin noyabrın 13-də Dublində keçiriləcək Avropa Şurasının qeyri-rəsmi görüşündə müzakirə olunmasını təklif edib.